Dünya Kuboku: Gimnastlarımız üçün əvvəl Bolqarıstan, sonra Azərbaycan
Martın 31-dən aprelin 2-dək Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçiriləcək.
mediasport.az xəbər verir ki, yarışda fərdi növdə təmsil olunacaq Azərbaycanın şərəfini yığmamızın üzvləri Zöhrə Ağamirova və Alina Gözəlova qoruyacaqlar.
Birincilik Zöhrə Ağamirovanın 2023-cü ildə ilk beynəlxalq turniri olacaq. Gözəlova bir müddət əvvəl İspaniyada Qran-Pri turnirində çıxış edib və topla proqramın finalında səkkizinci yeri tutub.
Bakıda isə bədii gimnastika üzrə növbəti Dünya Kuboku aprelin 21-23-də təşkil ediləcək. Ölkəmizin gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi üçüncü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən, 46 ölkədən idmançıların fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacağı gözlənilir.
Üç gün ərzində baş tutacaq yarışlarda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. Ənənəyə uyğun olaraq, yarışlarda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq. Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil ediləcək onuncu dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.