"Dünyanın ən güclü çempionatının komandası ilə qarşılaşacağıq"
"Rəqib haqqında çox danışmağa ehtiyac yoxdur. Dünyanın ən güclü çempionatında iştirak edən komanda ilə qarşılaşacağıq. "Tottenhem" həmişə liderlər sırasında olub".
Mediasport.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda qarşılaşacaqları "Tottenhem"lə matçdan əvvəl təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
O, komandasının görüşə hazır olduğunu bildirib:
"Sabah səliqəli və intizamlı oynamağa çalışacağıq. Belə bir stadion və azarkeş qarşısında oynamaq bizim üçün böyük təcrübədir. Futbolçularımız böyük güc sərf edib, yaxşı oyun göstərməyə çalışacaqlar".
Qurbanov 9 il əvvəl Avropa Liqasında "Tottenhem"lə qarşılaşdıqları oyunu yaxşı xatırladığını vurğulayıb:
"Tottenhem"lə 2015-ci ildə keçirdiyimiz oyun dəqiq yadımdadır. Burada 1:3 hesabı ilə uduzmuşduq. O vaxt yaxşı komanda və güclü rəqibləri var idi. İndi vəziyyət dəyişib, daha dinamik və sürətli futbol nümayiş etdirilir. Yeni baş məşqçinin fərqli fəlsəfəsi var. Rəqib bəlkə də Premyer Liqanın ən sürətli pressinq edən komandalarından biridir".
Çalışdırıcı Avropa Liqasındakı rəqiblərin ÇL komandalarından az fərqləndiyini, güclü olduqlarını qeyd edib:
"60 faiz komanda səviyyəsinə görə orada oynamağa layiqdir. Biz istənilən turnirdə ən yuxarılarda olmağa və layiqli mübarizə aparmağa çalışmışıq. Böyükhesablı məğlubiyyətə gəlincə, dünya futbolunda belə hallara rast gəlinir. Belə böyük komandaların bizim kimi rəqiblərə böyük hesabla qalib gəlmək ehtimalı çoxdur. Biz də hər oyunda tam ciddi və diqqətli olmağa çalışırıq".
"Tottenhem" - "Qarabağ" oyunu sabah saat 23:00-da start götürəcək.