"Elə alındı ki, gecə yol gəlib səhər meydana çıxan futbolçumuz oldu"
“Sumqayıt”la matçın birinci hissəsində yaxşı oynamadıq. Fasilədən sonra toparlandıq, məşqlərdə, eləcə də oyundan əvvəl baş məşqçinin bizdən istədiyini meydanda tətbiq etməyə çalışdıq. Yəni, ikinci hissədə oyunumuzu nümayiş etdirməyi bacardıq".
Mediasport.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vanderson Kavalkante Melo deyib.
Braziliyalı futbolçu Premyer Liqanın geridə qalan 4 turu və qarşıda “Kəpəz”lə görüş haqda düşüncələrini bölüşüb:
"Komandamız yeni qurulub, hətta elə alındı ki, gecə yol gəlib səhər meydana çıxan futbolçumuz oldu. Buna görə də adaptasiya üçün vaxta ehtiyac var. Demək olar, heyətimizin 90 faizi yenidir. Amma arxada qalan 4 oyunu analiz etsək, “Qarabağ”a qarşı daha yaxşı oynadığımızı deyə bilərəm. İlk matçımız da pis alınmadı. Fərqlənmək üçün epizodlarımız oldu. Təəssüf ki, hər iki görüşdə uğur qazana bilmədik. Adaptasiya prosesini tez kesək, nəticələrimiz yaxşılaşacaq.
“Kəpəz”lə oyunumuz maraqlı keçəcək. Onlar da xoş təsir bağışlayırlar. Məncə, ilk mini finalımız olacaq. Bilirsiniz ki, turnir cədvəlində 4 komandanın 4 xalı var. Bu baxımdan oyunu final hesab etmək olar. Qələbə qazanan bir addım önə keçəcək. Yaxşı hazırlaşırıq, baş məşqçinin dediklərini düzgün etməyə çalışırıq ki, yekunda yaxşı nəticə qazanaq. Həm də bu oyun Bakıdan kənarda keçirəcəyimiz ilk matç olacaq.
Premyer Liqası maraqlı keçir. İstər turnir cədvəlinə baxsaq, istərsə də oyunlara diqqət yetirsək gərgin mübarizənin getdiyini görürük. Bütün komandalar meydana qələbə qazanmaq məqsədilə çıxır. Bu, yaxşı haldır. Hazırda bizim komandada adaptasiya prosesi gedir. Oyunçuların uyğunlaşması başa çatdıqdan sonra daha yaxşı oynayacaq, uğurlu nəticələrimizlə sevindirəcəyik.
Özüm komandaya və ölkənizə tam uyğunlaşmışam. Bura gələnə qədər Ukrayna və Belarusda da forma geyinmişəm. Premyer Liqanız Ukrayna çempionatına daha yaxındır. Rus dilində də qismən danışıram, bu da çox köməyimə çatır.
Komandada İqor Ribeyro və Nuno Rodrigeslə daha çox ünsiyyət qururam. Onlar portuqal dilində danışırlar. Rus dilini bilməyim də köməyimə çatır. Burada darıxmıram".