Əliyar Ağayevin idarə etdiyi matçda 5 qol vurulub - Çempionlar Liqası
FİFA referisi Əliyar Ağayevin idarə etdiyi UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunun "Srvena Zvezda" - "Mançester Siti" görüşü məhsuldar keçib.
Mediasport.az xəbər verir ki, Belqradda baş tutan qarşılaşmada qapılara 5 qol vurulub.
Pep Qvardiolanın baş məşqçisi olduğu "şəhərlilər" 3:2 hesablı qələbə qazanaraq 6-da 6 ediblər və 1/8 finala maksimum nəticə ilə çıxıblar.
Ağayev oyunda meydan sahiblərindən 3, qonaqlardan 1 futbolçuya sarı vərəqə göstərib. 36 yaşlı hakim 85-ci dəqiqədə meydan sahiblərini penalti ilə cəzalandırıb.
Qrupun Almaniyada keçirilən "Leypsiq" - "Yanq Boyz" duelində də gözlənildiyi kimi, birincilər 2:1 hesabı ilə qalib gələrək ikinci pillədəki yerlərini möhkəmləndirib və pley-offa yüksəliblər.
İsveçrə klubu yoluna Avropa Liqasında davam edəcək, 1 xalı olan serblər isə avrokuboklarla vidalaşıblar.