"Evdə keçirdiyimiz oyunlarda məğlub olmamalıydıq" - KAPİTAN
“Sizin vasitənizlə "Xəmsə" Müstəqil Fanat Klubuna "çox sağ olun" deyirəm. Ev-səfər oyunu demədən yanımızda olurlar”.
Bu sözləri Mediasport.az saytına açıqlamasında “Kəpəz”in kapitanı Vurğun Hüseynov deyib.
35 yaşlı futbolçu ilk dövrə haqqında fikirlərini paylaşıb: “Çempionat bizim üçün yaxşı başlamışdı. İlk oyunda "Neftçi" üzərində qələbə qazandıq (1:0). 9 turdan sonra sonuncu olacağımızı düşünmürdük. Evdə keçirdiyimiz oyunlarda məğlub olmamalıydıq. Təəssüflər olsun ki, 5 matçda fərdi səhvlərə yol verdikdən sonra uduzduq. 2-ci dövrədə həmin səhvləri aradan qaldırıb daha çox xal və xallar yığacağıq”.
Təcrübəli müdafiəçi Premyer Liqadakı rəqibləri barədə bunları vurğulayıb: “Potensial baxımdan 9 komandanın hamısı həm maddi, həm də futbolçuların keyfiyyətinə görə bizdən üstündür. Onların hamısının sponsoru var. İstədikləri şərait yaradılır və istədikləri oyunçuları alırlar. Bu da rəqiblərimizin güclü olmağına gətirib çıxarır. Qarşıdakı dövrədə daha çox xallar yığmalıyıq ki, bu durumdan çıxaq”.
Vurğun Hüseynov bugünlərdə bəyanat yayaraq rəhbərlik və məşqçilər korpusuna vəziyyəti düzəltmək üçün qışa qədər vaxt verən Gəncə klubunun azarkeş ordusunun fikirlərinə münasibət bildirib: “Ortada nəticə olmayanda azarkeş hər zaman haqlı olur. İnşallah, onların bizə olan inamını ikinci dövrədə həm oyunumuzla, həm də xallar qazanmaqla geri qaytaracağıq”.
Rövşən