"Büdcənin azaldılması ilə bağlı məcburiyyətdən dəyişikliklər oldu"
"Büdcənin azaldılması ilə bağlı məcburiyyətdən "Səbail"də dəyişikliklər oldu. Yüksək ödənişli futbolçularla yollarımızı ayırdıq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev deyib.
58 yaşlı çalışdırıcı komandanın heyətinin 50-60 faiz dəyişəcəyini söyləyib. Eyni zamanda, hansı mövqelər üçün transferlər edəcəklərini açıqlayıb:
"Gedənlər çox olduğu üçün gələnlər də avtomatik çox olacaq. Artıq heyətə beş yerli futbolçu cəlb etmişik. Boş qalan mövqelər üçün də işlərimiz davam edir. Təxminən 3 mövqe üzrə transferlər etmişik. 2 mövqe qalıb - orta və ön xətt. Bununla bağlı seleksiya şöbəsi çalışır. Yəqin ki, növbəti ayın 5-nə qədər bu məsələni də həll edərik".
Təcrübəli mütəxəssis ötən mövsümdən 11 futbolçunun komandada qaldığını bildirib:
"Stabillik yaratmaq üçün futbolçuların bir-biri ilə daha çox oynaması vacibdir. Bu da taleyin bir qismətidir. Heyəti 0-dan yığmırıq. Komandanın 11 üzvü bizimlə qaldı. Daha 12 yeni futbolçu transfer edib (ümumi 25 oyunçu) yola davam edəcəyik. Çalışacağıq ki, təlim-məşq toplanışında futbolçuları sistemə otuzdura bilək".
Şahin Diniyev oğlu Coşqun Diniyevin "Ümraniyəspor"dan ayrıldıqdan sonra "Səbail"ə keçməyəcəyini diqqətə çatdırıb:
"Coşqunun "Səbail"lə heç bir bağlılığı yoxdur. Azad agent statusu alması üçün böyük güc sərf etmək önəmli idi. Meneceri bunu bacardı. Onun adının "Səbail"lə hallanması normaldır, amma komandamıza keçidi həqiqəti əks etdirmir".
Rövşən Əlisoy