"Formula 1" Azərbaycan: Qran-prinin endirimli biletləri satışa çıxarıldı
2023-cü ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün bilet satışı başlayıb.
mediasport.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, indidən bilet əldə etmək istəyən azarkeşlər yanvarın 15-dək davam edəcək 20 faiz erkən satış endirimindən yararlana biləcəklər: "Bu il daha çox yerli azarkeşin F1 yarış həyəcanını yaşaması və Dənizkənarı Milli Parkda əyləncələrdən zövq alması üçün erkən bilet satışı dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığında təklif olunacaq. Fürsətdən istifadə edərək, avtoidman həvəskarlarını bu kampaniyadan vaxt itirmədən faydalanmağa dəvət edirik".
Biletlər "28 Mall", "Gənclik Mall", Heydər Əliyev Sarayı, Kiosk 1 (Azərbaycan kinoteatrı), Kiosk 2 (Nizami küçəsi), ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4 və ASAN Sumqayıtda satılacaq.
Azərbaycan Qran-prisi 28-30 aprel tarixlərində keçiriləcək.