"Gənc futbolçulara motivasiya vermək üçün belə addımlar atacağıq" - Ayxan Abbasov
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 11-ci turunun "Kəpəz"lə oyunu haqqında fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, mütəxəssis qərb derbisində qazanılan böyükhesablı qələbəni şərh edib.
O, oyunun çətin keçdiyini deyib: "Hər iki komanda üçün vacib oyun idi. Bilirdik ki, “Kəpəz” sonuncu pillədən qurtulmaq üçün daha da motivasiya ilə mübarizə aparacaq. Neçə oyun idi evdə qələbə qazana bilmirdik. Azarkeşlərimizin qarşısında qələbə qazanıb onları sevindirmək istəyirdik. Turnir cədvəli də həqiqətən çox gərginləşib.
Bu qələbəyə ehtiyacımız var idi. İkinci hissə açıq futbol getdi. Çempionat başlayandan çox epizodlar qaçırmışdıq. Bu gün fürsətləri qola çevirdik. Komandamı təbrik edirəm. Bundan sonra daha çətin olacaq. Sevindirici hal odur ki, bu gün akademiyamızın yetirməsinə debüt üçün şans yaratdıq. 18 yaşlı Cavid Qasımov bu gün ilk oyununa çıxdı. Akademiya məşqçilərinin, işçilərinin hamısını təbrik edirəm. Bu onların əməyidir. Biz də çalışdığımız qədər gənc futbolçulara motivasiya vermək üçün belə addımlar atacağıq. Rəhbərliyi, azarkeşlərimizi təbrik edirəm. Qarşıdan çətin oyunlar gəlir. Bu oyunlara hazırlaşacağıq”.
Qeyd edək ki, "Turan Tovuz" "Kəpəz"ə 4:0 hesabı ilə qalib gəlib.