Gəncə klubunun prezidenti Türkiyənin Baş konsulu ilə görüşüb
“Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop ilə görüşüb.
Mediasport.az xəbər verir ki, görüşdə Elvar Osmanov “Gəncə”nin Azərbaycan Yüksək Liqasındakı çıxışı, komandanın ölkə çempionatının pley-off mərhələsinə vəsiqə qazanması və aşağı yaş qruplarından ibarət heyətin formalaşdırılması istiqamətində mühüm addımların atıldığını deyib.
Bildirib ki, Azərbaycan Voleybol Federasiyasının ölkəmizdə idmanın bu növünün kütləviləşməsi istiqamətində göstərdiyi mühüm işlərə “Gəncə” klubu da öz töhfəsini verir, orta məktəblərdə seleksiya xarakterli məşqlər təşkil olunur, istedadlı yeniyetmələr komandalara cəlb olunur.
Recep Öztop “Gəncə” klubunun çıxışını yüksək qiymətləndirərək komandaya ölkə çempionatında uğurlar arzulayıb, Azərbaycanda idmana göstərilən dövlət qayğısının əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra “Gəncə” klubu ilə Türkiyə komandaları arasında birgə əməkdaşlığın perspektivləri, qarşılıqlı təlim-məşq toplanışları və yoxlama oyunlarının təşkili barədə fikir mübadiləsi aparılıb.
Sonda Elvar Osmanov “Gəncə” klubunun formasını Recep Öztopa təqdim edib.