"Rəqibin kimliyindən asılı olmayaraq, uğurlu nəticə üçün çalışacağıq"
”Universiadanın başlanmasına çox az vaxt qalıb. İki aydır ki, biz yarışa tam ciddi şəkildə hazırlaşırıq. Təlim-məşqlərimiz hazırda daha da gərgin keçir".
MediaSport.az xəbər verir ki, bu sözləri Çinin Çenqdu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasına hazırlaşan voleybol millimizin üzvü Fərhad Cenkel deyib.
Yığmamızın gənc liberosu qrupdakı rəqiblərimizin kifayət qədər güclü olduqlarını deyib:
"Oyunlarımız çox çətin keçəcək. Bununla belə, rəqibin kimliyindən asılı olmayaraq, biz bütün gücümüzü ortaya qoyub uğurlu nəticə üçün çalışacağıq. Komandamızın hər bir oyunçusu əlindən gələni edəcək. Biz yarışa həm psixoloji, həm də fiziki cəhətdən hazırıq. Hədəfimiz yaxşı statistik nəticələr əldə etməkdir".
Qeyd edək ki, pandemiya səbəbindən 2021-ci ildən 2022-ci ilə, daha sonra bu ilə ertələnmiş yarış iyulun 28-də başlanacaq, avqustun 8-də yekunlaşacaq.