"Vaxtımız azdır, ona görə də böyük istəklə, həvəslə hazırlaşırıq"
"Düzünü desəm, çox həyacanlı idik. İstər oyunun ilk hissəsi, istərsə də böyük fasilədən sonra eyni hissləri yaşadıq. Çünki ilk dəfə idi ki, Gəncədə meydana çıxırdıq. Matçın yekununda qələbə qazandıq. Komandamızla fəxr edirik. Biz hamımız əvvəlki uğursuzluqları unudub axır ki, öz oyunumuzu göstərə bildik. Gəncədə, doğma meydanda qalib gəlib azarkeşləri də sevindirdik. Bunun ardı gələcək".
Mediasport.az xəbər verir ki, bu sözləri mətbuat xidmətinə açıqlamasında "Gəncə" basketbol klubunun üzvü İrşad Hant deyib.
Kanadalı basketbolçu ilk ev oyunu və ilk qələbə barədə fikirlərini bölüşüb: "Komandanın heyətində oyunun ən məhsuldar basketbolçusu olduğum üçün şadam. Deyə bilərəm ki, həm özümə, həm də kollektivə inanıram. Komanda yoldaşlarımın da mənə etimadı böyükdür. Qarşılıqlı inam bizi ruhlandırır. Gözləntiləri həmişə həyata keçirməyə çalışıram. Bundan sonra da belə olması üçün çalışacam.
O, qarşıdakı matçlar haqqında da fikirlərini bildirib: "Çempionat uzun marafondur. Qarşıda çoxlu matçlar var. Bütün görüşlərə eyni diqqəti göstəririk. Vaxtımız azdır, ona görə də böyük istəklə, həvəslə hazırlaşırıq. Gəncədəki ilk qələbə fantastik idi. Amma o oyunu tez bir vaxtda unutmalıyıq. Növbəti qarşılaşma üçün əlimizdən gələnin ən yaxşısını etməliyik".