Gəncənin İcra başçısı yerli komanda ilə görüş keçirib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin qadın voleybolçularından ibarət eyniadlı klubu ilə görüş keçirib.
Klubdan Mediasport.az saytına verilən məlumata görə, görüşdə Klubun Müşahidə şurasının sədri, millət vəkili Müşfiq Cəfərov, klubun prezidenti Elvar Osmanov, koordinatoru, Əməkdar məşqçi Elçin Süleymanov, baş məşqçi Sergey Çasnavitski, Gəncə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları və klub üzvləri iştirak ediblər.
Niyazi Bayramov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkədə idmana göstərilən xüsusi diqqət və qayğıdan bəhs edərək, klubun üzvlərinə uğurlar arzulayıb.
Müşfiq Cəfərov səmimi görüş üçün şəhər rəhbərinə təşəkkürünü bildirib və klub haqqında geniş məlumat verib. O qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan çimərlik voleybolu üzrə Azərbaycan çempionatında “Gəncə” klubu uğurla çıxış edərək gümüş medala sahib olub.
Görüşdə “Gəncə” klubunun gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.