Yığmamızdan uğursuz start, yalnız Xasay finalda - Avropa çempionatı
Rumıniyanın paytaxtı Buxarestdə yunan-roma güləşi üzrə U-23 yığmalar arasında Avropa çempionatı start götürüb.
mediasport.az xəbər verir ki, ilk yarış günündə döşək üzərinə 5 idmançımız çıxıb və yalnız 1 təmsilçimiz uğurla yadda qalıb.
77 kq çəki dərəcəsində mübarizə aparan Xasay Həsənli bütün rəqiblərinə qalib gələrək finala çıxıb. Güləşçimiz bu gün keçirəcəyi qızıl medal uğrunda döyüşdə moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq.
Rahim Həsənov (55 kq), Ziya Babaşov (63 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) ilk görüşlərində məğlub olublar.
Sərxan Məmmədovun ilk görüşdə məğlub olduğu ukraynalı Mixaylo Vişnivetski finala yüksəldiyi üçün təsəlliverici görüşdə iştirak edəcək və rəqibi rumıniyalı Gean Ali olacaq.
Avropa çempionatı martın 19-da başa çatacaq.