Hacı Əliyev Rumıniyadakı Avropa çempionatını buraxa bilər
Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyev Rumıniyada keçiriləcək Avropa çempionatını da buraxa bilər.
Üçqat dünya və dördqat Avropa çempionu bütün diqqətini apreldə Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə yönəldib.
Yanvarın 10-da Xorvatiyada startı veriləcək “Zaqreb Open”ə yollanmayan 32 yaşlı pəhləvan fevralın 12-18-si aralığında Buxarestdə təşkil olunacaq qitə birinciliyinə də yollanmaya bilər.
“Hacı Əliyevin Avropa çempionatında 65 kq çəkidə güləşməyəcəyi dəqiqdir. O, ən yaxşı halda 70 kq-da çıxış edə bilər. Ancaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşmaq üçün Avropa çempionatını buraxması da istisna deyil”, - deyə qurumdan "Report"a açıqlamada bildirilib.
Qeyd edək ki, Hacı Əliyev 2014, 2015 və 2017-ci illərdə dünya, 2014, 2018, 2019 və 2023-cü illərdə Avropa çempionu olub.