Hasan Kubilay Alcu Bakıda UBO Dünya əmərini qazanıb
Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi, “Karapapak Fight club & Promotion”, “MCM Fight Promotion” və “TGA Promotion & Management”in birgə təşkilatçılığı ilə Bakıda UBO-nun (Universal Boxing Organization) orta-ağır çəki dərəcələrində Dünya kəməri uğrunda döyüş keçirilib.
mediasport.az xəbər verir ki, müxtəlif çəki dərəcələrində 7 döyüş baş tutub.
Tayfur Əliyev (61 kq), Sərxan Əliyev (orta çəki), Ruslan Rəhimov (70 kq), Taryel Cəfərov (91 kq), Elnur Məmmədov və küveytli Hamzah Albahbahani (hər ikisi ağır çəki) qələbə qazanıblar.
Gecənin əsas döyüşündə - 12 raundluq "UBO Light Heavy Weight World Title" uğrunda türk boksçu Hasan Kubilay Alcu və azərbaycanlı Ayxan İsmayılov (79,3 kq) üz-üzə gəliblər. Bərabər keçən döyüşdə çiynindən aldığı zədə səbəbindən 6-cı raunda çıxa bilməyən Ayxan İsmayılov məğlub olub, Hasan Kubilay Alcu UBO dünya kəmərini qazanıb.
Fəxri qonaq qismində "WBC Silver Asia" ve "WBC international" çempionu və UBO dünya çempionu türk Serdar Avcı, hazırda Mayamidə yaşayan, peşəkar boksda "WBA international champion" kəməri olan həmyerlimiz Ramal Amanov, eyni zamanda, idman ictimaiyyətinin tanınmış nümayəndələri, ictimai, siyasi xadimlər, incəsənət nümayəndələri iştirak ediblər.
Sonda Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin idman sahəsində də əhəmiyyətini vurğulayan Fərhad Acalov Serdar Avcıya təşəkkürünü bildirərək “Dəmir yumruq” simvolik heykəlini və digər hədiyyələri təqdim edib.