"Heç kimi təhqir etmək olmaz"

"Heç kimi təhqir etmək olmaz"

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunda doğma meydanda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.

 

mediasport.az xəbər verir ki, Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov oyun barədə sualları cavablandırıb.

 

- Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm, Allah şəhidlərimizə rəhmət eləsin. Tovuz üçün bu gün həqiqətən bayram idi. Hamı "Qarabağ"ı gözləyirdi. Həm "Qarabağ", həm "Turan Tovuz" azarkeşləri möhtəşəm ab-hava yaratdılar. Bu, futbolumuzun gözəlliyidir. Xal qazanmaq istəyirdik. Heyətdə böyük itkilərimiz var. Çempionatın elə mərhələsindəyik ki, istəmədiyimiz zədələr olur. Gənc futbolçular üçün fürsət idi. Belə oyunlar, belə atmosfer vacibdir. Qarşıdan gələn matçlara hazırlaşacağıq. Əlimizi aşağı salıb təslim olan deyilik. 3 gün sonra bizi səfərdə daha ağır oyun gözləyir. "Qarabağ"a Konfrans Liqasında uğurlar arzulayıram.


Zədəli futbolçuların hazırkı durumu nə yerdədir?

- Natan Oduva "Kəpəz"lə qarşılaşmaya hazır olar. Digər oyunçuların durumu hələ bəlli deyil. 


Kamal Bayramovun çıxışından razı qaldız?

- Kamal bizim təcrübəli qapıçımızdır. Bu komandanı quranda Kamal və digər təcrübəli oyunçuların böyük əməyi olub. Çoxdan istəyirdim ki, ona şans verim. Bu gün belə qərara gəldik. Tərlan Əhmədlidə yüngül ağrılar var. Çox risk etmirik, onu da qorumaq lazımdır. Kamalın oyunda böyük bir səhvi olmadı.


Futbolun İnkişafı Fondundan gözləntiləriniz nədir?

- FİF çox tez-tez Tovuzda olur. Onlar bizə kömək etmək istəyirlər. Hamı deyirdi ki, futbolun inkişafını istəyiriksə, futbolu bölgələrə aparmaq lazımdır. Bu gün ilk addımlar atılıb. Şamaxı, Gəncə, Qəbələ, Tovuzda Premyer Liqa klubu var. Ümid edirəm, gələcəkdə Mingəçevir, Lənkəran, Zaqalata kimi bölgələrdə də böyük futbol olar. Amma bölgədə futbolu inkişaf etdirmək üçün kömək lazımdır. Şərait yaratmaq üçün maliyyə lazımdır. Futbolçu da istəyir ki, hər şəraiti olsun, ailəsi yanında olsun. Buna vaxt lazımdır. Bu gün çalışırıq ki, tək komanda yox, işçilər də peşəkar olsun. Hər yerdə təbliğat gedir. Bəlkə də Tovuz azarkeşləri 10 ildir "Qarabağ"ı dəstəkləyir. Bu gün gənclər, xanımlar stadionda idi. Yalnız Futbolun İnkişafı Fondu ilə iş bitmir. Onlar piar aparırlar. Böyümək üçün maliyyə lazımdır. 


Növbəti oyununuz "Kəpəz"ə qarşı olacaq.

- "Kəpəz"də irəliləyiş var. Həm də evdə yaxşı çıxış edirlər. Bilirik ki, çempionatda sonadək mübarizə olacaq. Bizi çətin oyun gözləyir. Hazır olmalıyıq. Bir az sıx qrafikdə oynadıq. Bu da bizə təsir edəcək. 


Qurban Qurbanov süni örtüklü meydançadan şikayət etdi. Meydança problemini necə həll etməyi düşünürsüz?

- Bu gün təbii örtüklü meydança salsaq, büdcəmizin yarısı ona gedəcək. Təbii ot edib, komanda olmamaqdansa, süni örtükdə komandanın olmağı yaxşıdır. Bu, bir gerçəkdir. Əlbəttə, bütün məşqçilər düz deyir. Mən də məşq zamanı hiss edirəm. Bəzi legionerlər, demək olar ki, süni meydanda oynamayıblar. İnkişaf istəyiriksə, bunlar hamısı dəyişməlidir. Bu gün əsas meydan təbii örtüklü olsa, bizə 3 dənə yardımçı meydança lazımdır. Bunun üçün vaxt lazımdır. Hələ digər problemləri həll edirik. 


Hər məşqdə 2-3 futbolçu itirsəz, meydana buraxmağa oyunçu tapmayacaqsız.

- Bəli, bizim elə də geniş heyətimiz yoxdur. Ehtiyat qüvvəmiz gənclərdir. Əlbəttə, bu bizə problem yaradır. Bunu keçməliyik. Burada kəndlər var ki, yaxşı meydançalar salmaq olar. 


Futbolçularınız digər klubların maraq dairəsinə düşür. Bu məsələni necə həll etməyi düşünürsüz?

- İstəyərik ki, komandanın onurğasını qoruyaq. Bu, birinci işimiz idi. Demək olar ki, yeni futbolçular gəldi. Yayda yenə eyni problemi yaşamamaq üçün klubun büdcəsi əvvəlcədən bilinməlidir ki, futbolçularla danışıq aparaq. Klub inkişaf etmək istəyirsə, oyunçularla 1 illik müqavilə imzalanmamalıdır. Ən azı 3 illik müqavilə olmalıdır ki, məşqçi də sistemini qursun. "Sumqayıt"da bununla bağlı çox çətinlik çəkirdik. Hətta Avroliqaya vəsiqə qazananda 8-9 futbolçu komandanı tərk etdi. Eyni problemi burada da var. Bir neçə futbolçunu icarəyə götürmüşük. Runiyə, Oduvaya təklif gəlməsi normaldır. 2-3 illik müqavilə olmalıdır ki, futbolçuların satışından klub gəlir əldə etsin. Bu da bir inkişafdır. Hələ yayı fikirləşə bilmirik. Çempionatı başa vuraq, futbolçulara vəd etdiyimiz öhdəlikləri yerinə yetirək. Legionerlər buradan gedəndə də yaxşı getməlidir. Siyanda milli komandaya dəvət alır, "Turan Tovuz"la maraqlanırlar. Bu, gələcəkdə başqa legionerlər gətirmək üçün yaxşıdır. Bir az maliyyəmiz olsa, qışda da transfer edə bilərik. Maliyyə çatışmazlığı bizə güclənməyə imkan vermir. 


"Şamaxı" ilə oyundan sonra azarkeşlərlə bağlı dedikləriniz sosial şəbəkələrdə narazılıqla qarşılandı. Bu haqda fikriniz necədir?

- Mən azarkeşləri kateqoriyaya bölməmişəm. Bilmirəm nəyi səhv nəzərdə tuturlar. Həmişə o fikirdəyəm ki, iki cür azarkeş var. Biri var hər gün klubun yanında olan, biri də var tamaşaçı. Oradakı məqam azarkeşlərə aid deyildi. İnkişafdan biri də tribunadır. Bu gün tribuna möhtəşəm idi. Hətta "Qarabağ"ın nümayəndələri dedi ki, sanki evdə oynayırıq, evdə belə dəstəyimiz yoxdur. Bəzi azarkeşlərin stadiona gəlib bəzi ifadələri səsləndirməsi futbolçulara təsir edir. Mən onu deyirəm. Onlar da bilməlidir ki, yeni komanda qurulub, çətinliklər var, futbolçuları həvəsdən sala bilərlər. Məncə, son söhbətin xeyri oldu. 4-5 gündə böyük dəstək gördük. Əsəbləşənlər özləri də başa düşdülər ki, heç kimi təhqir etmək olmaz.