Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir yekunlaşdı
Bakı Tennis Akademiyasında keçirilən beynəlxalq yarış başa çatıb.
mediasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyilə keçirilən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan 18 yaşlıların J4 Baku (Grade 4) beynəlxalq reytinqli tennis turnirində ümumilikdə 67 idmançı mübarizə aparıb.
Azərbaycanı Tamerlan Əzizov, Kənan Qasımov, Elvin Həşimov və Diana Yakovleva təmsil edib. Tamerlan Əzizov əzmkar çıxışı ilə diqqət çəkib.
Bakı Tennis Akademiyasında keçirilən turnir eyni zamanda reytinq xarakteri daşıyıb. Burada qələbə qazanan idmançılarımız öz reytinq xallarını daha da yüksəldiblər.
Bu yarışda Azərbaycan ilə yanaşı, Belarus, Bolqarıstan, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, İtaliya, Kanada, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukraynadan olan idmançılar iştirak ediblər.
Tennisçilərimizin növbəti hədəfi 2023-cü ildə keçiriləcək ölkədaxili və beynəlxalq yarışlarda uğurla çıxış edib bayrağımızı dalğalandırmaqdır.