Ayxan Abbasov: "İkinci hissədə mərkəzdə taktiki savaş getdi"
"Turan Tovuz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Kəpəz"lə 2:2 hesablı heç-heçə edərək yarımfinala vəsiqə qazanıb. Komanda ilk dueldə 2:1 hesablı qələbə qazanmışdı.
mediasport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov açıqlama verib:
"İlk öncə azarkeşlərimizə təşəkkürümü bildirirəm. Yarımfinal həyəcanı yaşamaq istəyirdilər. Sevinirəm ki, komanda olaraq onlara bu sevinci bəxş edə bildik. Həqiqətən çətin oyun oldu. Rəqib son oyunlarda çox yaxşı təsir bağışlayırdı. Futbolçularıma təşəkkür edirəm. Kubok oyunu çempionat oyunlarından bir qədər fərqlənir. İlk dəqiqələr qol vursaq da, rəqib üstünlüyü ələ alıb qollar vurdu. İkinci hissədə demək olar ki, mərkəzdə taktiki savaş getdi. Ciddi epizod da vermədik. Qarşıdan gələn "Qəbələ" ilə oyuna hazırlaşacağıq. Yorğunçuluq var, zədəli futbolçularımızın sayı da çoxdur. Yenə də sevinirəm ki, şans verdiyim gənclər şanslarından istifadə edə bilirlər".