İlk dəfə keçiriləcək Avropa Kubokunda 2 klubumuz yarışacaq
Çimərlik voleybolu tarixində ilk dəfə Avropa Kuboku (Beach Volley European Cup) keçiriləcək.
Mediasport.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən klublar arasında təşkil olunan yarışa Türkiyənin Balıkəsir şəhəri ev sahibliyi edəcək.
5-8 oktyabr tarixlərində keçiriləcək Avropa Kubokunda Azərbaycan iki komanda ilə təmsil olunacaq. Qadınların yarışında "Azərreyl", kişilərin mübarizəsində isə "Murov Az Terminal" komandası kubok uğrunda yarışacaq.
Hər iki komandamız A qrupunda çıxış edəcək.
"Azərreyl"in rəqibləri "Beinasko" (İtaliya), "Re" (Fransa), "Berqstrand" (Avstriya) və "Altınyurd" (Türkiyə) kollektivləri olacaqlar.
"Murov az Terminal" isə "Beinasko" (İtaliya), "Vörterze" (Avstriya), "Valensiya" (İspaniya) və "Qartal Anadolu" (Türkiyə" komandaları ilə üz-üzə gələcək.
Komandalarımızın heyətlərində yerli voleybolçularımız Fidan Əhmədxanova, Larisa Smeltsova, Vadim Kutukov, Vüqar Bayramov, Ülvi Rəcəbli, Heydər Məmmədli ilə yanaşı, keçmiş dünya çempionu və Tokio-2020 Olimpiya Oyunlarının gümüş mükafatçısı Oleq Stoyanovski, həmçinin İlya Leşukov, çimərlik voleybolunda böyük uğurlar qazanmış Olqa Motriç və Adelya Axmetova da yer alırlar.
"Azərreyl"i Nihad Tarverdiyev çalışdırır, "Murov Az Terminal"ın baş məşqçisi İqor Olefirdir.