"İnsanlar bu barədə tənqidi fikirlər səsləndirə bilər" - "Zirə"nin Abbası
"Zirə"nin yarımmüdafiəçisi Abbas İbrahim Azərbaycan Premyer Liqasının "Qarabağ"la səfər görüşündən sonra Mediasport.az saytının suallarını cavablandırıb.
1:3 məğlub olduz. Oyun haqqında nə deyə bilərsən?
- Matç çox çətin keçdi. "Bayer"lə başabaş oynayan komandanı üstələmək asan deyil. Bu cür qarşılaşmalarda təcrübə toplamağa çalışırıq. Düşünürəm ki, onların hücumlarının qarşısını ala bilirdik. Yenə də futbolda həmişə istədiyin olmur. Artıq "Kəpəz"lə qarşıdakı oyun barədə düşünməliyik.
Çox sayda qol şanslarını qaçırdız...
- Fikrimcə, "Qarabağ"la görüşdə belə epizodları yaratmaq olduqca yaxşıdır. Bu, futboldur, həmişə yekun nəticə önəmlidir. Bəzən epizodlar yaratsan da, düzgün istifadə edə bilmirsən. Rəqib əlinə düşən fürsətlərdən maksimum yararlandı.
Növbəti tur "Kəpəz"lə oyunu evdə kçirməyəcəksiz, təsiri olacaq?
- "Kəpəz"lə duellər həmişə çətin olur. Amma hazırlaşmalı, mübarizəmizə davam etməliyik. Çempionatda məqsədimiz xallar qazanmaq, hər matçda qələbələri sıralamaqdır.
"Zirə" Premyer Liqada ən az qol vuran komandalardandır, problem nədədir?
- Bizim problem əlimizə düşən fürsətləri istifadə edə bilməməyimizdir. Bir matçda çoxsaylı qol imkanları yaratsaq da, fərqlənə bilməmişik. İnsanlar bu barədə tənqidi fikirlər səsləndirə bilər. Sadəcə, bəzi epizodlarda bəxtimiz gətirmir. Düşünürəm ki, son 2 oyunda bunun üzərində işləyib qollar vurmağı bacarırıq. Qarşıdakı matçlarda da bu qolların davamı gələcək.
Komanda daxilində atmosfer normaldır?
- Bəli, hər şey qaydasındadır. Futbolda səhvlər edirsənsə, rəqib səni cəzalandıracaq. Amma çalışıb bu cür xətaları aradan qaldırmaq lazımdır. "Qarabağ"la matçda ən yaxşısını etməyə çalışdıq.
Şəxsi performansını necə qiymətləndirirsən?
- Qarşılaşma ərzində rəqibə təzyiq göstərməyə çalışdım. Hazırda öz çıxışım qane edir. Məşqlərdə daim daha yaxşısını etmək üçün səy göstərirəm.