"Eddinin səhvini uşaq da etməzdi, sən axı "Neftçi"nin futbolçususan"
"İsveç üzərində qələbədən sonra milli komandada əhval-ruhiyə yaxşı idi. Belə məğlub olmağımızı gözləmirdik".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Əfran İsmayılov bildirib.
Veteran yarımmüdafiəçi AVRO-2024-ün seçmə mərhələsinin Belçika ilə səfər oyunu (0:5) haqda fikrlərini bölüşüb, ilk yarıda qırmızı vərəqə alan Eddi İsrafilovu tənqid edib:
"Belçika ilə oyunda bir xala ümid edirdik. Amma hesab gözlənilməz oldu. Eddi İsrafilova gəlincə, onun qırmızı vərəqə epizodundakı səhvini heç uşaq da etməzdi. 3-4 dəqiqə ərzində 2 sarı vərəqə almaq olmaz. Düzdür, bu hadisə başqa futbolçunun başına gələ bilər. Amma sən düşünməlisən ki, yığma komandanın, "Neftçi"nin futbolçususan".
İsmayılov millimizin meydana fərqli heyətlə çıxmasına belə münasibət bildirib:
"2-3 gündən sonra oyuna çıxmağımızı nəzərə alsaq, heyətdə dəyişikliklər gözlənilən idi. Amma yenə Höccət, Eddi İsrafilov... Hər-halda baş məşqçi nə qədər tənqid olunsa da, məşqlərə baxıb kimin hazır olduğunu görür. De Byazi gedəcək, başqa biri gələcək, indiki kimi vaxt istəyəcək. İcraiyyə Komitəsinin qərarını gözləməliyik. Baş məşqçinin kimiliyindən asılı olmayaraq, millimizə qələbə arzu edirəm.