İsrail prezidenti İsaq Hersoq "İlin adamı" seçilən azərbaycanlı idmançı ilə görüşdü - FOTOLAR

İsrail prezidenti İsaq Hersoq "İlin adamı" seçilən azərbaycanlı idmançı ilə görüşdü - FOTOLAR

Azərbaycanlı, əslən Ağdamdan olan həmyerlimiz Cəlal Hüseynov İsraildə "İlin adamı" və "İlin polisi" seçilib.

İsrail Prezidenti İsaq Hersoq dekabrın 20-də bu münasibətlə ölkənin polis orqanlarında xidmət edən və xüsusi rəşadəti ilə seçilən 19 yaşlı azərbaycanlı hərbçi-idmançı ilə şəxsən görüşüb.

Ölkə başçısı İlin yekunları ilə bağlı keçirilən tədbirdə İsraildə təhlükəli terrorçu qruplaşmanın zərərsizləşdirilməsində böyük qəhrəmanlıq göstərmiş həmyerlimizi şəxsən təbrik edib, ona şücaətinə görə mükafat verib.

İsrail hökuməti mərasimə Cəlalın anası Nüşabə xanımı da dəvət edib və bu, həmyerlimizə sürpriz olub.

Səfəri barədə mediasport.az saytına danışan Nüşabə Əliyeva təəssüratlarını bölüşüb: "Çox sevinirəm, çox xoşbəxtəm. Bu, tək bizim ailənin yox, Azərbaycanın uğurudur. Cəlal 9-cu sinifə qədər Azərbaycanda yaşayıb, sonra İsrailə köçüb. Hərbi xidmətdən sonra polis orqanlarına seçilib, uzun müddətdi orada çalışır. Son olaraq göstərdiyi rəşadət İsrail prezidentinə məruzə olunub. O da terrorçuların zərərsizləşdirilməsi əməliyyatında qəhrəmanlıq göstərmiş Cəlalla şəxsən görüşmək istəyib. Ona "İlin adamı" və "İlin polisi" adı da məhz bu şücaətinə görə verilib. Cəlal Azərbaycanı çox sevir və ölkəsi ilə fəxr edir".

Nüşabə xanımla söhbətimizdə onu da öyrəndik ki, Cəlal Hüseynov peşəkar idmançı-güləşçidir. Dəfələrlə İsrail birincliklərində yer tutub, medallar qazanıb. O, kadetlər arasında İsrail çempionudur. Böyüklər arasında 3 dəfə İsrail ikincisi olub. 23 yaşa qədər güləşçilərin ölkə çempionatında 2 dəfə gümüş medal qazanıb, 1 dəfə 3-cülük əldə edib.