İsveçdə "Qarabağ"ın tərcüməçiliyini millimizin keçmiş futbolçusu edib

İsveçdə "Qarabağ"ın tərcüməçiliyini millimizin keçmiş futbolçusu edib

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin ikinci turunda İsveçin Göteborq şəhərində “Hekken” klubuna qarşı keçirdiyi oyundan əvvəl və sonra mətbuat konfransların maraqlı anlar yaşanıb.

Mediasport.az “Qafqazinfo”ua istinadnən xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanovun açıqlamalarını İsveç dilinə tərcümə etmək üçün gələn şəxs 1990-cı illərdə Azərbaycanda futbol oynamış Valeh Qafarov olub.

Keçmiş jurnalistlərdən bir neçəsi, eləcə də Qurban Qurbanov ona qarşı oynamış futbolçunu tanıyıb. Çalışdırıcıya “Valeh Qafarovu tanıdınızmı” sualını verəndə “bəli, yadımdadır, sürətli oyunçu idi” deyərək cavablayıb.

Valeh Qafarov millimizin sabiq oyunçusu olub. Azərbaycanın aşağı yaş millilərində oynayıb. O, həm də “Qarabağ”ın köməkçi məşqçisi Elçin Rəhmanovla “Neftçi”də birlikdə oynayıb. 2002-ci ildə Azərbaycan çempionatı dayandıqdan sonra V.Qafarov bir qızla tanış olaraq ölkəmizdən ayrılıb və İsveçə gəlib. Burada ailə həyatı qurub və bir klubda oynadıqdan sonra zədələnib. Hazırda isə məşqçiliyə başlayıb, “Örebro” klubunun 14 yaşlılardan ibarət qadın komandasının çalışdırıcısıdır.

“20 ildir ki, burada yaşayıram. Bakı üçün darıxıram. Arada gəlib-gedirəm. Burada qadın futboluna böyük diqqət ayrılıb. Azərbaycandan təklif gəlsə, orada işləməyə hazıram”, - V. Qafarov bildirib.

Valeh Qafarov İsveçdə oynayan Azərbaycan millisinin üzvü və Qurban Qurbanovun oğlu Musa Qurbanlıdan, eləcə də yığmamızın sabiq oyunçusu Anatoli Ponomaryovdan danışıb: “Musa ilə görüşmüşəm və ona dəstəyimi ifadə etmişəm. Nə kömək lazım olsa, hazıram. Musa burada uğurlu olacaq. Çünki o, İsveç futboluna çox uyğun gəlir. Yaxşı fiziki göstəricilərə sahibdir. Anatoli Ponomaryovla isə illərdir münasibətimiz var. Onunla danışırıq, görüşürük”.

Keçmiş futbolçu, həm də ilk dəfə tərcüməçilik etdiyini sözlərinə əlavə edib: “Anatoli Ponomaryov mənə zəng vurdu ki, get tərcüməçilik et. Həqiqətən həyəcanlı idi. Ümid edirəm ki, hər şey yaxşı alındı”.