"Kəpəz" uşaq evində
"Kəpəz" Gəncədə uşaq evini ziyarət edib.
Klubdan mediasport.az saytına verilən məlumata görə, 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə İdarə Heyətinin sədri İlqar Nadiri, idman direktoru Mehman Allahverdiyev və əsas komandanın baş məşqçisi Tərlan Əhmədov başda olmaqla məşqçilər korpusu və futbolçular uşaq evinin balaca sakinləri ilə görüşüblər.
Onlara bayram sovqatı çatdırıb, toplar hədiyyə ediblər. Uşaqlar qonaqları vətənə və yeni ilə aid şerlər, həmçinin mahnılarla salamlayıblar. Onların çıxışı maraqla və alqışla qarşılanıb.
Kollektiv komandanın azarkeşi, Vətən müharibəsi şəhidi Əmrah Rəcəbovun xatirə güşəsini də ziyarət edib. Gəncə Uşaq Evinin sakini olmuş Əmrah Rəcəbov “Kəpəz”ə olan hədsiz sevgisi ilə tanınıb, ev və səfər oyunlarında komandaya tribunadan dəstək verib.
Gəncə Uşaq Evində ziyarət dostluq matçı ilə başa çatıb. Uşaq evinin sakinlərindən ibarət komanda “Kəpəz”ə qarşı oynayıb. Görüş ev sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Sosial xidmət müəssisəsinin direktoru Nazilə İsmayılova ziyarətə görə qonaqlara təşəkkürünü bildirərək belə görüşlərin uşaqların sevincinə səbəb olduğunu deyib.