"Türkiyə ilə Azərbaycan futbolu arasında fərq var" - Yeni transfer
"Karyeramda yeni bölüm başlayır. Türkiyədən sonra ölkənizdə legioner həyatı yaşayacağam. Bura gəldiyimə görə şadam".
Mediasport.az xəbər verir ki, bunu "Kəpəz"in mətbuat xidmətinə açıqlamasında klubun yeni transferi Mahamadu Ba deyib.
Malili futbolçu "sarı-göylər"in cari mövsüm çətin durumda olduğundan söz açıb:
"Klubda məni olduqca mehriban qarşıladılar. Bir neçə gündür ki, düşərgədəyəm. Həvəslə məşq edirəm. Yaxşı bazamız var. "Kəpəz"in Bakıda "Zirə" ilə oyununu stadiondan izləmək imkanım oldu. Bilirəm ki, komandanın çıxışı azarkeşlərin ürəyincə deyil".
O, kollektivlə birgə vəziyyəti dəyişmək üçün çalışdıqlarını dilə gətirib:
"Türkiyə və Azərbaycan futbolu arasında fərq təbii ki, var. Azərbaycanda komandalar fiziki oyuna üstünlük verməyə səy göstərirlər. İlk baxışdan hər halda, belə görünür. Türkiyədə isə başqa cürdür. Superliqada komandalar taktiki-texniki cəhətdən seçilməyə çalışırlar".