Millilərimiz üçün İtaliya və Türkiyə
Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandaları iyunun 27-də Polşada keçiriləcək 3-cü Avropa Oyunlarına hazırlığın son mərhələsinə start veriblər.
Federasiyadan mediasport.az saytına verilən məlumata görə, baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında 9 boksçu İtaliyanın Assizi şəhərində hazırlığa başlayıb.
Yekun heyəti müəyyənləşdirmək üçün toplanışa Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominges (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) cəlb ediblər.
Komandamız Assizidə hazırlığı İtaliya, Avstriya, Belçika, Serbiya, İrlandiya, Böyük Britaniya, Niderland, Estoniya, Finlandiya və Slovakiya yığmaları ilə birlikdə keçir.
Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi qadınlardan ibarət milli komanda isə Türkiyənin Kastamonu şəhərinə yollanıb. Toplanışda Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) iştirak edirlər.
Krakov şəhərində təşkil ediləcək Avropa Oyunlarında boks yarışları iyunun 23-dən iyulun 2-dək "Novi Tarq Arena" keçiriləcək.