"Komandamın performansını ilk dövrə üçün qənaətbəxş sayıram"

"Komandamın performansını ilk dövrə üçün qənaətbəxş sayıram"

Premyer Liqanın debütantı "Araz Naxçıvan” birinci dövrədə rəqiblərinə qarşı ciddi müqavimət göstərə bilib.

Naxçıvan təmsilçisi geridə qalan 9 matçın 4-də qələbə qazanıb, 2-də heç-heçə edib, 3 dəfə  məğlub olub.

Yeni yığılan komandanın baş məşqçisi Azər Bağırov 1-ci dövrə ilə bağlı fikirlərini Mediasport.az saytı ilə bölüşüb.

39 yaşlı çalışdırıcı dövrəni 2 hissəyə ayırıb: "İlk 4 oyun və ondan sonrakı 5 matç. İlk 4 qarşılaşmada bəzi futbolçularımızda yüksəliş müşahidə edildi. Çünki çempionatın əvvəli idi. Birinci dövrənin sonlarına yaxın onları artıq daha yaxşı analiz edə bildik. Komandamın performansını birinci dövrə üçün qənaətbəxş sayıram. Hətta 8-ci, 9-cu turda daha yaxşı mübarizə aparan futbolçularımız oldu”.

Gənc mütəxəssis qarşıdakı oyunlar haqda da fikirlərini deyib: “Oyunlara çıxdıqca hər şey daha da çətinləşir. Zədələr ola bilər və ya rəqiblər futbolçularımızı analiz edərək fərqli gedişlərə əl ata bilərlər. Lakin düşünürəm ki, bunların öhdəsindən gəlməliyik. Futbolçularımızın yeni performanslarını üzə çıxarmalıyıq”.

“Araz Naxçıvan” ikinci dövrəyə oktyabrın 22-də Qəbələ səfərində başlayacaq.

Rövşən