"Komandanın durumu ilə bağlı bizi ağır iş gözləyir" - Azər Bağırov
"Komandanın durumu ilə bağlı bizi ağır iş gözləyir. Çempionatda bütün oyunlarda məğlub olmuşuq, çox da qol buraxmışıq. Çalışıb bunu aradan qaldıracağıq".
Mediasport.az xəbər verir ki, bunu "Kəpəz"in yeni baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Çalışdırıcı Gəncədə futbola olan sevgidən söz açıb:
"Vəziyyətlə bağlı klub rəhbərliyi ilə fikir mübadiləsi aparmışıq. Gəncənin, "Kəpəz"in Azərbaycan futbolunda xüsusi yeri, əvəzolunmaz mövqeyi var. İnşallah, Gəncə futbolunun ənənəsini geri qaytarmaq üçün işlər görəcəyik".
Bağırov azarkeşlərdən dəstək istəyib:
"Yaxşı, döyüşkən komanda formalaşdıraraq düşdüyümüz vəziyyətdən çıxacağıq. Buna inanıram. Hamıdan bu işə dəstək istəyirəm. Azarkeşlər "Kəpəz"in güclü tərəfidir, əsas üstünlüyüdür. Komandamızı ruhlandıraq, qələbələrə səsləyək".
Xatırladaq ki, "Kəpəz" Azər Bağırovla iki illik müqavilə imzalayıb.