Paralimpiya çempionumuzdan dünya çempionatında ikinci qızıl medal!

Paralimpiya çempionumuzdan dünya çempionatında ikinci qızıl medal!

Azərbaycan para-atleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında daha bir qızıl medal qazanıb.

MediaSport.az xəbər verir ki, Tokyo-2020 Yay Paralimpiya Oyunlarının qalibi bu dəfə 400 metr məsafəyə qaçışın final mərhələsində bütün rəqiblərini qabaqlayıb.

O, məsafəni 55,34 saniyəyə qət edərək mundialda ikinci qızıl medalını təmin edib. İdmançımız yarışda daha öncə 100 metr məsafəyə qaçışda dünya çempionu olub. Beləliklə, Lamiyə Azərbaycanı Paris-2024 Yay Paralimpiya Oyunlarının 400 metr məsafəyə qaçış yarışlarında da təmsil edəcək.

21 yaşlı Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda gümüş, 400 metr qaçışda isə qızıl medal qazanmışdı.

Bundan əvvəl milli komandanın üzvləri Orxan Aslanov, Lamiyə Vəliyeva, Oloxan Musayev və Səid Nəcəfzadə dünya çempionatında uğurlu çıxış edərək Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.