"Danışırdılar ki, qocalmışam, cavanların yolunu kəsirəm"
"Allaha şükürlər olsun ki, çəkdiyim əziyyətim yerdə qalmadı. Ağır zədələrdən sonra özümü toparlayıb yenidən qalib gəlməyim daha da sevindiricidir".
Mediasport.az xəbər verir ki, bu sözlər Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynova məxsusdur.
İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yeni çəki (87 kq) dərəcəsində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançımız qələbə təəssüratlarını bölüşüb.
Dünya və Avropa çempionumuz ona dəstək olannlara təşəkkür edib:
"Üzərimdə zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm. Mənə azərkeşlik edib, həyəcanlanan hər kəsə minnətdaram. Zəhmətinizi halal edin".
36 yaşlı pəhləvan sosial şəbəkə hesabında etdiyi paylaşımda onun yaşlandığını düşünənlərə də mesaj göndərib:
"Bu yarışı "divan kritiklərinə" həsr edirəm. Hansı ki, mən Avropa çempionatında müəyyən səbəblərə görə məğlub olanda ağız dolusu danışırdılar ki, qocalmışam, cavanların yolunu kəsirəm. Onlar olmasaydılar, bu qədər prinsiplə məşq etməzdim, məncə.
İstanbuldan sizə salamlar".