"Millidə çətin anda hamını arxasınca aparacaq güclü oyunçular çatışmır"
13 il Azərbaycan milli komandasının şərəfini qorumuş dünya rekordunun sahibi Polina Rəhimova karyerasını Türkiyənin Superliqa təmsilçisi, Aksarayın "Kuzeyboru" GSK voleybol klubunda davam etdirir.
İstər Azərbaycanda, istər formasını geyindiyi digər xarici klubların heyətində dəfələrlə ən güclü voleybolçu seçilmiş 32 yaşlı təcrübəli idmançı mediasport.az saytına açıqlama verib.
Ukrayna əsilli voleybolçu AÇ-2023-də mübarizə aparacaq Azərbaycan millisi haqda qısa fikirlərini bölüşüb.
- Şadam ki, məni Azərbaycanda xatırlayırlar. Açığı, buna təəccübləndim. Məncə, milli komandada çətin anda hamını arxasınca apara bilən güclü oyunçular çatışmır. Şans həmişə var. Çox çalışmalı və özünə inanmalısan. Ən vacibi, komandada oyunçulardan düzgün istifadə edə bilən ağıllı bir məşqçi olmalıdır. Elə bir atmosfer olmalıdır ki, ətrafda hər kəs müsbətə köklənsin və hamı bir-birinə kömək olsun. Milli komandada hər kəsə uğurlar arzulayıram və komandanın oyunlarını izləyəcəm.
Qitə çempionatında yarışacaq yığmamız C qrupunda Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstana rəqib olacaq.