Milli komandamız Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşır

Milli komandamız Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşır

Sərbəst güləş üzrə milli komandamız növbəti təlim-məşq toplanışına başlayıb.

Mediasport.az xəbər verir ki, yanvarın 7-də Göygöl Olimpiya İdman Kompleksində bir araya gələn yığmamız ayın 20-dək həmin məkanda hazırlıq prosesi keçəcək.

Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında keçirilən məşqlərdə fiziki hazırlığın yüksəldilməsinə daha çox diqqət yetirilir.

Təlim-məşq toplanışında gənclərdən ibarət millinin üzvləri də iştirak edir. Ümumilikdə hazırlıq prosesinə 46 güləşçi cəlb edilib.

Qeyd edək ki, toplanış gələn ay Buxarestdə keçiriləcək Avropa çempionatına və apreldə Bakıda təşkil ediləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.