"Mümkün variantları nəzərdən keçirəcəyik, alınsa, transferlər edəcəyik" - Teymur Eyvazov
Futzal üzrə Yüksək Liqada mübarizə aparan "Baku Fire" kollektivinin baş məşqçisi Teymur Eyvazov cari mövsümün ilk yarısı ilə bağlı fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, o, oyunlar olmasa da, məşqlərə davam etdiklərini söyləyib:
"Futzalçılarımızın formada qalması üçün həftədə 4 dəfə zalda məşqlər keçirik. Arxada qalan 9 oyunda axsadığımız məqamları gördük. Fasilədən sonraya daha hazırlıqlı olmağı planlaşdırırıq və bu səbəbdən yanvarın ilk günlərindən başlayaraq Bakıda təlim-məşq toplanışımız olacaq.
Komandada əhval-ruhiyyə yüksəkdir, bunu məşqlər zamanı verilən tapşırıqların həvəslə yerinə yetirilməsindən görürük. Bizi sevindirən məqamlardan biri 2 oyunçumuzun Azərbaycan millisinə dəvət alması, Rumıniya və Niderlanda qarşı görüşlərdə iştirak etməsi oldu. Çalışacağıq ki, bu göstərici tədricən artsın".
Eyvazov mövsümün ikinci yarısı haqda bunları deyib:
"Çempionatın qalan görüşlərini də yüksək səviyyədə keçirmək, bu mövsümü arzu etdiyimiz və layiq olduğumuz yerdə tamamlamaq istəyirik. Heyətimizi də gücləndirməyə çalışacağıq. Mümkün variantları nəzərdən keçirəcəyik, alınsa, transferlər edəcəyik".
"Baku Fire" Yüksək Liqada 18 xalla üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, onlar ötən mövsüm çempionatda bürünc medal qazanmaqla yanaşı, həm də Azərbaycan Kubokunun qalibi olublar.