Musa Qurbanlıdan Azərbaycana qayıdacağı ilə bağlı AÇIQLAMA

Musa Qurbanlıdan Azərbaycana qayıdacağı ilə bağlı AÇIQLAMA

"Bunu həmişə demişəm: ora gedəndə bilirdim ki, bu, nağıl deyil. İsveçə getdiyim an hər şey "partlayış" səviyyəsində olmayacaqdı. Bəli, elə də olmaq ehtimalı var idi, amma bu, futboldur.

Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı deyib.

İsveçdə legioner həyatı yaşayan gənc forvard karyerasını yenidən Azərbaycanda davam etdirəcəyi ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

Qurbanlı yayda formasını geyindiyi "Yurqorden"dən "Qarabağ"a geri dönmək ehtimalı haqda bunları deyib:

"Vallah, hələlik bununla bağlı heç bir məlumatım yoxdur. Hazırda öz klubumdayam. Bu barədə heç bir qərar verilməyib, danışıqlar aparılmayıb. "Yurqorden"in uğurları üçün çalışıram".

22 yaşlı futbolçu Skandinaviya klubunda az forma şansı qazanmasını, qeyri-stabil çıxış etməsinin normal olduğunu bildirib:

"Bəzən çətinliklər olur, bəzən hər şey yaxşı gedir. Bu çətinliklərə hazır idim. Düzdür, hazırda psixoloji nə qədər çətin olsa da, oynamamaq hər bir futbolçu üçün çətindir. Lakin işlər indi belə gətirib. Keçən il komandamızın vəziyyəti bir az enişli-çıxışlı oldu. Hazırda komanda özünü toparlamağa başlayıb. Yeni transferlər edilib. Ola bilər ki, onlara şans verilir. Hər bir halda, bunlar məşqçinin qərarıdır. Mənim üzərimə düşən məsuliyyətlə məşqləri etmək və çalışıb əsas heyətə qayıtmaqdır".

O, İsveçdə, klubda azərbaycanlılara qarşı münasibətin yüksək səviyyədə olduğunu vurğulayıb:

"Sırf fərqli yanaşma hiss etməmişəm. Sağ olsunlar, çıxış etdiyim klubda hamıya eyni hörmətlə yanaşılır. Azərbaycanlı və ya xarici olduğuma görə indiyə qədər heç bir ayrı-seçkiliyə məruz qalmamışam".

Rövşən ƏLİSOY