"Kəpəz"in futbolçusu üsyan etdi: "Qurumlar hakimliyi araşdırmalıdır"
"Kəpəz"in futbolçusu Rauf Hüseynli Premyer Liqanın 11-ci turunun "Turan Tovuz"la matçı haqda klubun mətbuat xidmətinə açıqlama verib.
Mediasport.az xəbər verir ki, o, həmin görüşdə "sarı-göylər"in yaxşı çıxış etdiyini, final fitinə kimi səylə mübarizə apardıqlarını söyləyib:
"Hakimin simpatiyası açıq-aşkar rəqibə tərəf idi. Verilməyən penaltilərimiz oldu. Bütün ikili mübarizələrdə hakimlər meydan sahiblərinin xeyrinə qərar verirdilər. Belə hadisələr bizim üçün yaxşı motivasiya mənbəyi olur".
Hüseynli matçın hakim idarəçiliyi ilə gündəmə gəldiyini bildirib:
"Konkret mənimlə bağlı epizodda rəqib arxadan zərbə endirdi. Rəqib oyunçu topla aidiyyatı olmadan sırf mənə qarşı kobud oynadı. VAR-a baxmaq üçün hakimə müraciət etdik, amma vecinə almadı. Belə hakimlərin liqada oyun idarə etməsi nə dərəcədə düzdür, bilmirəm".
Gəncə təmsilçisinin üzvü buna baxmayaraq, daha çox çalışacaqlarını deyib:
"Müvafiq qurumlar hakimliyi araşdırmalıdırlar. Biz öz işimizi görməyə davam edəcəyik. Üzərimizdə daha çox işləyib irəli getməliyik. İnşallah, gələn oyunlarda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Futbolçu 12-ci turun 3 noyabrda baş tutacaq "Kəpəz" - "Sabah" oyunundan da söz açıb:
"Hazırlığımız yaxşı keçib. Komandada ab-hava yaxşıdır, hər şey qaydasındadır. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanıb həm azarkeşləri sevindirək, həm də turnir cədvəlində vəziyyətimizi yaxşılaşdıraq".