Nazir və federasiya prezidenti ÇL-i qazanan komanda ilə görüşdü

Nazir və federasiya prezidenti ÇL-i qazanan komanda ilə görüşdü

Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Polşada təşkil olunan minifutbol üzrə Avropa Çempionlar Liqasının qalibi "Birbaşa Bakı" komandası ilə görüşüb.

Mediasport.az xəbər verir ki, Azərbaycanı turnirdə layiqincə təmsil etdiklərinə və qazanılan yüksək nailiyyətə görə onları təbrik edən nazir və federasiya prezidenti bu qələbənin ölkəmizdə minifutbolun inkişafının bariz nümunəsi kimi qiymətləndiriblər.

Fərid Qayıbovun sözlərinə görə milli komandamızın Avropa çempionu olduqdan sonra minifutbola maraq artıb. Federasiyanın gördüyü işləri, milli çempionatı yüksək səviyyədə keçirməsinin nəticəsidir ki, klublarımız və millimiz beynəlxalq arenada uğurlu nəticələr əldə ediblər.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov bütün idman növlərində olduğu kimi, minifutbola da dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edib və bu amilin uğurların qazanılması üçün əlavə stimul olduğunu dedi.

"Birbaşa Bakı" komandasının təsisçisi Ramin Hacıyev komandanın Çempionlar Liqasının qələbə qazanmasını Azərbaycanın bir daha idman ölkəsi olması ilə əlaqələndirib və gələcəkdə beynəlxalq arenalarda uğur qazanmaq üçün daha səylə çalışacaqlarını vurğulayıb.

Görüşdə komanda üzvləri yarışla bağlı təəssüratlarını bölüşüblər.

Sonda "Birbaşa Bakı" komandasının forması nazir Fərid Qayıbova təqdim olunub və xatirə şəkli çəkdirilib.