"Neftçi"dən həbs edilən azarkeşlərlə bağlı AÇIQLAMA
“Neftçi” Azərbaycan Premyer Liqasının25-ci turunun “Qarabağ”la oyunundan sonra 4 azarkeşin saxlanılması ilə bağlı bəyanat yayıb.
Mediasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar” inzibati binanın ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozan fanatlarla bağlı şikayət edilmədiyini bildirib.
Bəyanatda əlavə olunub ki, həmin şəxslər qanunvericiliyin tələblərinə əsasən məsuliyyətə cəlb ediliblər:
“Qarabağ”la matçdan sonra 4 azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə klubun inzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub. Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı heç bir şikayət bildirməmişik. Hüquq-mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən həmin şəxsləri məsuliyyətə cəlb edib”.
Qeyd edək ki, “Neftçi" evdə keçirilən matçda əzəli rəqibinə 1:4 hesabı ilə uduzduqdan sonra "ağ-qaralar"ın bir neçə azarkeşi klubun Xətai rayonundakı ofisinə yollanaraq etiraz əlaməti kimi yandırılmış fakeli bazanın həyətinə atıblar.
Bundan sonra hərəkətə keçən Daxili İşlər Nazirliyi asayişi pozan şəxslər - Arif Dadaşov, Ceyhun Quliyev, Vasif Rzayev və Sabir Nəzərovu müəyyən edərək saxlayıb.
Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər iki nəfər isə cərimə edilib.