"Bilirəm, dünən qaçırdığım imkanlara görə məni qınayırlar"

"Bilirəm, dünən qaçırdığım imkanlara görə məni qınayırlar"

Mediasport.az "Araz-Naxçıvan"ın hücumçusu Orxan Əliyevin klubun saytına müsahibəsini təqdim edir:

“Səbail”lə oyun nə ilə yadda qaldı?

- Maraqlı oyun oldu. “Araz-Naxçıvan” Premyer Liqaya bu il yüksəlsə də, oyun planında yaxşı mənada təəccübləndirir hər kəsi. Çalışırıq oyunun meydanın rəqibə aid hissəsində keçirək. Qol vurmaq üçün epizodlarımız da çox oldu. Onların hansısa birinindən düzgün istifadə edə bilsəydik, nəticə fərqli olacaqdı. Təəssüf ki, üstün oynadığımız oyunda məğlub olduq. Futbolun bu tərəfi də var.

Demək olar ki, oyunun nəticəsini sənin qaçırdığın epizodlar həll etdi?

- Futboldur da, fərqlənmək üçün epizod hər zaman olur. Əlbəttə, mən də yaxaladığım qol epizodlarını dəyərləndirməyi hamıdan çox istəyirdim. Bilirəm, dünən qaçırdığım imkanlara görə məni qınayırlar. Özüm də pis olmuşam. Anlayıram ki, hər şeyi dəyişə bilərdim.

Tələsirdin?

- Tələsmirdim. Birinci epizod zamanı cərimə meydançasına girən zamanı zaman bir ötürmə ilə zərbə vurmaq istədim, alınmadı. Sonrakı imkan zamanı uzaq küncü nişan almağa çalışdım, bu dəfə də məqsədimə çata bilmədim, top qapıçıya dəydi. Təəssüflənməmək olmur.  

Bu matçdakı nəticə hər iki komandanın turnir cədvəlinin üst sıralarında qərarlaşmasına kömək edəcək, həm də aşağı pillələrdəki digər klublarla xal fərqini artıracaqdı.

- Razıyam, biz qələbə qazansaydıq, ikinci pilləyə yüksələcəkdik. Çox pis olmuşam. Yadıma düşəndə heyifslənirəm.

Növbəti oyun lider “Zirə”yə qarşı olacaq. Bu duellə bağlı nə düşünürsən?

- Bu gün bərpa məşqi keçdik. Oyunun hazırlığına sabahdan başlayacağıq. Güclü rəqibdir. Birinci yerdə qərarlaşmaları təsadüfi deyil. Yaxşı hazırlaşmalıyıq ki, qələbə qazanaq. Şansımız var. Ümumiyyətlə, biz heç vaxt meydana çıxanda heç-heçə haqda düşünməmişik. Baş məşqçi bizdən hər zaman qələbə istəyir. Onun oyun fəlsəfəsi burdur. “Neftçi” və ya “Qarabağ”la oyunlarımızda da məqsəd eyni olub. Biz də onun tapşırığını yerinə yetirməyə çalışırıq. Yaxşı oyunu nəticəyə daşımalıyıq. Çünki xalı oyuna yox, nəticəyə görə verirlər.

Ötən il Birinci Divizionda bombardir olmuşdun. Premyer Liqada da işlərin pis getmir, komandanın ən çox qol vuran oyunçususan.

- Birinci Divizionda da qol vurmaq asan deyildi. Düzdür, Premyer Liqa ilə aşağı dəstəni müqayisə etmək olmaz. Sadəcə, öz üzərində çox çalışmalısan. O qədər çalışmalısan ki, cərimə meydançasında qərarı tez və düzgün verməyi bacarasan.