Oğlanlar və qızlar arasında Bakı şəhər birinciliyinə start verilib
Həndbol üzrə 2008-2009-cu il təvəllüdlü və daha kiçik yaşlı yeniyetmə oğlanlar və qızlar arasında həndbol üzrə Bakı şəhər birinciliyinə start verilib.
mediasport.az xəbər verir ki, “AHF Arena”da doqquz komandanın iştirakı ilə keçirilmiş yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə Azərbaycan Həndbol Federasiyasının (AHF) birgə təşkilatçılığı ilə baş tutub.
Yarışda Respublika Kompleks İdman Məktəbinin komandasının, 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri, 6 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) həndbolçuları iştirak edirlər.
Yarışın ilk günündə qızlardan ibarət komandalar iki, oğlanlar isə bir dəfə meydana çıxmaqla, ümumilikdə üç oyun keçirilib.
Açılış oyununda qızlar arasındakı matçda 6 saylı İOEUGİM-1 və 6 saylı İOEUGİM- 2 komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçmiş oyun 6 saylı İOEUGİM-1 həndbolçularının 14:12 hesablı qələbəsi ilə yekunlaşıb.
Dairəvi sistemlə keçirilmiş yarışın açılış mərasimində AHF-nin baş katibi Yusif Atakişiyev, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov, Olimpiya çempionu Lyudmila Şubina və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
Sonra oğlanlar arasındakı qarşılaşmada 6 saylı İOEUGİM-1 komandası 6 saylı İOEUGİM- 2-ni 17:4 hesabı ilə məğlub edib.
Günün qızlar arasındakı son görüşündə 6 saylı İOEUGİM-1 komandası 6 saylı İOEUGİM-3 kollektivi üzərində qələbə qazanıb – 25:4.
Birincilik paytaxtda həndbolun təbliği və inkişafı, idman təşkilatlarında təlim–məşq işinin təkmilləşdirilməsi, şəhər yığma komandasına namizədlərin seçilməsi, yeniyetmə və gəncləri həndbol üzrə müntəzəm məşğul olmağa cəlb etmək və onların ustalıq səviyyəsini artırmaq məqsədi daşıyır.
Fevralın 1-dək davam edəcək yarışların qaliblərinə diplomlar və medallar veriləcək.