Olimpiya Oyunlarına hazırlaşan Hacı Əliyev zədəsi haqda danışıb
Sərbəst güləş üzrə (65 kq) Azərbaycan milli komandasının lideri Hacı Əliyev səhhətində yaranan problemə aydınlıq gətirib.
Mediasport.az xəbər verir ki, üçqat dünya və dördqat Avropa çempionu zədəsinin sağalmasını gözlədiyini deyib.
Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançı hər iki dizində problem olduğunu bildirib:
"Bir neçə gün fizioterapiya olunmalıyam. Fiziki məşqlərimi dayandırmamışam. Komanda ilə birgə məşqlərə, yəqin ki, 15 gündən sonra qatılaram".
Qeyd edək ki, Hacı Əliyevin Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibi Həmzət Arsamerzoyevlə görüşündə qaşı partlayıb və tikişdən sonra gözünə mikrob düşüb.