ÖZƏL! "Səbail" rəhbərliyi Mahmud Qurbanovla bağlı QƏRARını verdi
"Səbail"in baş məşqçisi Mahmud Qurbanov klub rəhbərliyi ilə görüşüb. Görüş "Sabah"la Azərbaycan Kubokunun 1/4 final oyunundan sonra baş tutub.
mediasport.az saytına klubdan daxil olan məlumata görə, bu ilin may ayında "Bayıl" təmsilçisinin baş məşqçisi təyin edilən 49 yaşlı mütəxəssis qış fasiləsində istefaya göndərilməyəcək.
Çalışdırıcı istənilən nəticəni əldə etmək üçün komandanın tam formalaşmalı və oturuşmuş sistemə uyğunlaşmalı olduğunu əsas gətirərək rəhbərlikdən vaxt istəyib. O, 3-4 aya qurulan komandanın uğur qazanmasının mümkün olmadığını deyib: "İstədiyim heyəti formalaşdırıram, bunun üçün mənə yaya qədər vaxt verin. 2-3 aya iddialı kollektiv olmaq mümkün deyil".
Müşahidə Şurası məşqçinin fikirlərini haqlı sayıb, Qurbanova mövsümün sonuna qədər şans verilib.
Hazırda 10 xalla turnir cədvəlində yalnız "Sumqayıt"ı qabaqlayan "Səbail" cari mövsüm Premyer Liqada keçirdiyi 16 oyunun 10-da uduzub, 2 qələbə qazanıb, 4 heç-heçə edib. Ölkə kubokunda mübarizəni davam etdirən və 1/4 finalın ilk matçında "Sabah"ı məğlub edən (3:2) "dənizçilər" Premyer Liqada "Kəpəz"lə birlikdə 8-9-cu yerləri bölüşdürürlər.