"Sona 3-4 dəqiqə qalmış məğlub olmaq yolverilməzdir" - BOSNİYALI
“Araz-Naxçıvan”ın cari mövsümdə vurduğu üç qoldan ikisinin ötürməsini verən, birinin isə müəllifi olan Miço Kuzmanoviç klubun rəsmi saytına müsahibə verib.
mediasport.az xəbər verir ki, bosniya və herseqovinalı vinger geridə qalan turları dəyərləndirib.
Arxada qalan üç oyunla bağlı hansı məqamları qeyd etmək istərdin?
- Son matçdakı nəticədən razı deyilik, amma keçirdiyimiz 3 rəsmi qarşılaşmaya diqqət yetirdikdə, düşünürəm ki, indi daha yaxşıyıq. Bizə bir qədər zaman lazımdır. Əminliklə deyə bilərəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik. Komandamız yeni qurulub, formalaşma dövrünü keçir. Yeni komanda üçün bunlar normaldır. “Qarabağ”a qarşı mübarizəmiz də göstərdi ki, biz güclü komandalara qarşı layiqli oyun nümayiş etdiririk. Deməli, düzgün yoldayıq.
“Qarabağ”la oyunda 1 xalı finişə yaxın əldən vermək komandaya necə təsir edib?
- Yenə deyirəm, yaxşı oynayırıq, amma bu cür mübarizədən sonra sona 3-4 dəqiqə qalmış məğlub olmaq yolverilməzdir. Hazırkı məqamda hər xal bizim üçün çox vacibdir. Ona görə də, elə məqamlar olur ki, düzgün davranmalı və qərar qəbul etməlisən.
“Qəbələ” ilə oyunda iki məhsuldar ötürmə etdin, “Qarabağ”la görüşdə isə qol vurdun. Özünü komandanın lideri hesab edirsən?
- Futbol kollektiv oyundur. Hansısa məqamda fərdlər ön plana çıxa bilər. Bu gün lider olduğumu deyə bilmərəm, amma yaxşı oynayıram. Biz komandayıq, qalib gələndə hamımız sevinirik, uduzanda da məyus oluruq. Komanda yoldaşlarıma kömək edə bilirəmsə, nəticə qazanmaq üçün faydam toxunursa, xoşbəxtəm. Yenə deyirəm, yaxşı futbol göstərmərk, azarkeşlərimizi sevindirmək istəyirik.
Adaptasiya dövrünü tam başa vurduğunu demək olar?
- Komandamızdakı digər legionerlər kimi mənim da müyyən zamana ehtiyacım var. Həm də elə etməliyik ki, oyunumuz da artan xətt üzrə getsin. Azarkeşlərimiz əmin olsunlar ki, daha da yaxşı oynayacağıq.
“Sumqayıt”la matç haqda nə düşünürsən?
- Çətin olacaq. Açığı, rəqibin oyun dəsti-xətti haqda geniş məlumatım yoxdur. Müəyyən analizlər aparılacaq, baş məşqçimiz bizim üçün faydalı olacaq tapşırıqları verəcək. Əlbəttə, istənilən halda meydana 3 xal qazanmaq üçün çıxacağıq.
Onlar cari mövsümdə 2 oyun keçirib, 6 xal qazanıblar.
- Çünki rəqibimiz də yaxşı hazırlıq keçib. Onun nəticəsidir ki, keçirdikləri oyunlardan maksimum xalla ayrılıblar. Görünür, keyfiyyətli komandadır və bizimlə görüşdə də qələbə qazanmaq istəyəcəklər. Ancaq “Araz-Naxçıvan” da meydana eyni məqsədlə çıxacaq. Buna nail olmaq üçün mübarizəmizi sona qədər davam etdirəcəyik, bütün şanslarımızdan yararlanacağıq.