Parataekvondoçumuz Meksikada dünya çempionu adını qazanıb
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K-44) Meksikanın Verakruz şəhərində keçirikən dünya çempionatında qızıl medal qazanıb.
Mediasport.az xəbər verir ki, 70 kq çəkidə yarışan idmançımız bütün rəqiblərindən üstün olub.
Mübarizəyə 1/8 finaldan başlayan Xəlilov ilk döyüşündə ispaniyalı dünya və Avropa çempionunu 7:3 hesabı ilə məğlub edib. O, ardınca gürcüstanlı idmançını mübarizədən kənarlaşdırıb – 16:2. İmaməddin yarımfinalda Kuba təmsilçisi ilə gərgin keçən döyüşü 12:9 qazanıb.
Parataekvondoçumuzun finalda rəqibi özbəkistanlı olub. Xəlilov 5:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu, İmaməddinin iştirak etdiyi 6 yarışda 6-cı mükafatı olub. Niderlandda Avropa Paralimpiya Oyunları, Cənubi Koreyada açıq Dünya Çağırış Yarışı və Meksika Qran-prisində birinci yeri tutan parataekvondoçu Fransada açıq Avropa çempionatında ikinci, Paris Qran-prisində üçüncü yeri tutub.