Peşəkar Futbol Liqasından növbəti mövsüm üçün yeni mükafat

Peşəkar Futbol Liqasından növbəti mövsüm üçün yeni mükafat

"Ötən il biz rekord sayda oyun keçirdik. Bu, bizim üçün böyük təcrübə oldu. Ümid edirəm ki, qarşıdakı maraqlı mövsümdə hazır olacağıq".

Mediasport.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti səlahiyyətlərini müvəqqəti icra edən Elgiz Abbasov deyib.

Qurum rəsmisi Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümün püşkatmasında növbəti çempionatda tətbiq olunacaq yeniliklərdən danışıb:

"Əsasnamə ilə bağlı müəyyən dəyişikliklər etmişik. Misal üçün, “Kəpəz”lə bağlı müəyyən stadion mövzusunda təkmilləşdirilmə aparmışıq. “Turan Tovuz” klubu rəhbərliyi orada oyun olacağını bizə bildirib. Biz stadionlarla bağlı stabilliyin tərəfdarıyıq. Eyni zamanda mövsümün sonunda mükafatlar olur. Biz bu il yeni ədalətli oyun mükafatı da təsis edəcəyik”.

Abbasov aşağı liqalarda da yeniliklər olacağını qeyd edib:

“Liqalarla bağlı da yeniliklər etmişik. Əgər lisenziya şərtlərinə cavab verməsə, liqanın tərk etməli olacaqlar. Birinci liqada legioner limiti ilə bağlı yenilik etmişik. Ötən il bu rəqəm altı idisə, bu il yeddi olacaq".

Xatırladaq ki, Premyer Liqada yeni mövsüm avqustun 2-də başlanacaq.