Bayıl stadionunun işıq problemi nə vaxt həll ediləcək? - AÇIQLAMA
"Transformator artıq təmir olunub. İşıqlandırma sistemində olan problem aradan qalxıb. Bəzi xırda texniki məsələlər yaxın günlərdə həll ediləcək. Əsas odur ki, artıq işıqlandırma sistemində heç bir problem yoxdur".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Səbail"in Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov deyib.
Klub rəsmisi Azərbaycan Premyer Liqasının 21-ci turunun 15:00-da start götürən "Səbail" - "Qarabağ" (1:2) matçından sonra "dənizçilər"in U-19 komandasının axşam saatlarında həmin arenada çempionat oyunu keçirməsini belə izah edib:
"Görüş işıqlandırma sisteminin köməyilə baş tutdu. Yəni, projektorlar vasitəsilə. Amma ümumi götürsək, 19 yaşadək futbolçuların matçlarında işıqlandırma sisteminin hamısının işlək vəziyyətdə olması ilə bağlı öhdəlik yoxdur. Problemli vəziyyət olsa belə, axşam məşqləri qaydasında keçirilirdi. İşıqların tam yox, müəyyən hissəsini yandırmaqla məşqlər baş tutur. İnşallah, Peşəkar Futbol Liqası (PFL) növbəti oyunları axşama təyin etsə, qarşılaşmalar problemsiz keçirilə bilər. İşıqlandırma sistemi ilə indiki vəziyyətdə bağlı heç bir problemimiz qalmayıb. Xırda texniki çatışmazlıqlar həll edilmək üzrədir".
İşıqlandırma sistemindəki problem səbəbindən "Səbail" Premyer Liqanın 2 ev oyununu (14-cü tur - "Kəpəz" 0:0, 17-ci tur - "Qəbələ" 3:0) və Azərbaycan Kubokunun 1/8 final mərhələsinin ("Şamaxı" 4:0) matçını günorta saatlarında keçirib.
Rövşən