PFL rəhbərliyinin səhhətində müsbət dinamika: Elxan Səmədov sonuncu dəfə əməliyyat olunacaq
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Bakıda əməliyyat olunacaq.
Mediasport.az xəbər verir ki, bu barədə “Report”a qurumun media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
O bildirib ki, bərpa cərrahi əməliyyatın martın əvvəllərində baş tutması gözlənilir: “Elxan müəllim bərpa mərhələsindədir. Bir neçə gündür ki, həkimlər oturmasına icazə veriblər. Hazırda fizioterapiya ilə yanaşı, fiziki olaraq bərpası üçün dəstək verilir. Özünü yaxşı hiss edir, qidalanması da tam qaydasındadır. Amma hələ ki, yalnız əyləşməsinə icazə verilir. Həkimlərin rəyinə görə, əzələlər özünü tam bərpa etdikdən sonra, təxminən martın əvvəlində əsas zədə aldığı sağ ayağı sonuncu bərpa cərrahi əməliyyatı ediləcək”.
Mətbuat xidmətinin rəhbəri vitse-prezident Aslan Şahgəldiyevin səhhətində də müsbətə doğru irəliləyiş olduğunu söyləyib: “Aslan müəllim də müalicəsini xəstəxana şəraitində davam etdirir. Çətinliklə olsa da, ayağa qalxa, xüsusi dəstəkçi vasitələrlə çox qısa məsafələrə hərəkət edə bilir. Fizioterapiyası davam etdirilir”.
Sənan Abdullayev PFL-in qəza zamanı xəsarət alan digər əməkdaşlarının durumu barədə də məlumat verib: “Mən, texniki-idman direktoru Elgiz Abbasov və icraçı direktor Zaur Hacı-Məhərrəmov iki aya yaxındır işə çıxırıq. Bacardığımız qədər zədələrimizi yükləməməyə çalışırıq. Ciddi ağrılarımız yoxdur, hər şey qaydasındadır”.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.