Gəncədə maraqlı görüş - Klublar nə səbəbdən biraraya toplaşdılar?
Futbolun İnkişafı Fondu (FİF) "Kəpəz" Məşq Mərkəzi və Futbol Akademiyasında "Kəpəz", "Turan Tovuz", "Mingəçevir", "Karvan", "Göygöl" və "Ağdaş" klublarının iştirakı ilə "Strateji inkişaf" mövzusunda seminar keçirilib.
Qurumdan Mediasport.az saytına verilən məlumata görə, seminarda strategiyanın əhəmiyyəti, əsas aspektləri müzakirə olunub, strategiya hazırlanması formatı təqdim edilib.
Fondun Himayəçilər Şurasının üzvü Sona Abbasovanın mentorluğu ilə baş tutan seminara özəl sektordan müvafiq sahənin mütəxəssisləri də cəlb edilib. Həmçinin, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev "AVRO-2020-nin təşkili, maraqlı tərəflərlə kommunikasiya və irs" mövzusunda təqdimatla çıxış edib.
Premyer Liqa, 1 və 2-ci Liqa klublarının rəsmiləri qrup tapşırıqlarını yerinə yetirib, təqdimatlarla çıxış ediblər.
Futbolun İnkişaf Fondu 2024-cü ildə hazırkı əməkdaşlıqları qorumaqla Premyer Liqa, 1-ci Liqa və 2-ci Liqada mübarizə aparan bütün region təmsilçilərinə dəstək göstərməyi qarşısına məqsəd qoyub.
Bununla əlaqədar klublar regionlara əsasən dörd qrupa bölünüb və qarşıdakı illər ərzində onlara strateji planlama, marketinq/kommunikasiya və gəlirlər sahələri üzrə dəstək göstəriləcək.