Premyer Liqada mövsümün ilk yarısını nə qədər tamaşaçı izləyib?
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümünün ilk yarısının oyunlarını 132 min 959 tamaşaçı izləyib.
Mediasport.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, ilk iki dövrədə baş tutan 90 matçda orta tamaşaçı sayı 1 477-yə bərabər olub.
18 turun rekordu “Turan Tovuz”la bağlıdır. Belə ki, X turun oktyabrın 20-də keçirilən “Turan Tovuz” – “Qarabağ” görüşündə (2:2) 6 000 tamaşaçı qeydə alınıb.
Qərb təmsilçisi çempionatın tamaşaçı sayındakı mütləq lideridir. “Turan Tovuz”un ev oyunlarını orta hesabla 4 322 izləyici seyr edib.
Tovuzlular ən yaxın izləyicilərini 2 dəfədən çox üstələyir. Lideri ötən mövsümün mükafatçıları izləyir. “Neftçi” 2-ci, “Sabah” 3-cü, “Qarabağ” 4-cü yerdə qərarlaşıb. Bu dörd komandadan başqa “Sumqayıt”la “Kəpəz”də də orta göstərici 1 000-dən yüksəkdir.