AFFA nöqtəni qoydu: Növbəti mövsüm klub sayı artırılacaq?

AFFA nöqtəni qoydu: Növbəti mövsüm klub sayı artırılacaq?

Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti mövsüm komanda sayı artırılmayacaq.

Mediasport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

Federasiya rəsmisi Gəncədə inşa olunan akademiyaya təşkil edilən media tur zamanı məlumat verib.

S.Hacıyev bildirib ki, Premyer Liqada heç bir artım olmayacaq və bu mövsüm sonuncu pilləni tutan komanda 1-ci Liqaya düşəcək.

Baş katib FİFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa olunmuş Məşq Mərkəzi və Futbol Akademiyasının ölkədə ən böyük futbol bazası olduğunu diqqətə çatdırıb:

"Bu bazadan əlavə, iki təbii və bir süni ot örtüklü məşq meydançası, eləcə də son illərdə Gəncə şəhərində iki ədəd meydança inşa olunub. AFFA hər zaman regionlarda infrastruktur layihələri həyata keçirir. Ölkə futbolunun inkişafı üçün əlimizdən gələn hər şey edəcəyik”.

AFFA rəsmisi 1 və 2-ci Liqa klubları arasında oyun alqı-satqısına dair şübhələrin olduğunu etiraf edib:

“Bununla bağlı müvafiq tədbirlər görülür. Yaxın zamanda ictimaiyyətə də məlumat veriləcək. Biz də çalışırıq ki, futbolumuzda belə hallar baş verməsin”.