Qarabağ Dirçəliş Fondunun turnirində 40 komanda yarışacaq
Bir müddət əvvəl Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin keçiriləcəyini xəbər vermişdik.
Mediasport.az xəbər verir ki, qeydiyyat müddəti mart ayının 15-nə qədər olan yarışda 40 komanda mübarizə aparacaq.
Turnir Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, “CBC Sport” telekanalının informasiya dəstəyi ilə təşkil olunacaq.
Turnirin keçirilməsindən əldə ediləcək vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.
Ölkəmizdə fəaliyyət göstərən şirkətlər də Qarabağ Dirçəliş Fonduna 1500 manat məbləğində ianə etməklə turnirdə iştirak edə bilərlər.
Oyunlar Bakı Olimpiya Stadionunun ərazisində yerləşən “Sportster” minifutbol kompleksində keçiriləcək.
3 ay davam edəcək turnirdə ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medal və xüsusi mükafatlarla təltif ediləcəklər.
Bundan başqa turnirin ən yaxşı qapıçısı, bombardiri və ən yaxşı oyunçusuna (MVP) əlavə olaraq xüsusi mükafatlar veriləcək.